2017-12-18

Özbəkistanda “Azərbaycan musiqisinin inciləri” adlı disk buraxılıb

Azərbaycanın təbliği və ölkəmiz haqqında qarşı tərəfin obyektiv informasiya təminatını həyata keçirmək məqsədi ilə Özbəkistandakı Azərbaycan Səfirliyinin  nəzdindəki  Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə “Azərbaycan musiqisinin inciləri” adlı musiqi diski buraxılıb.

Qeyd edək ki, Özbəkistanda dəfələrlə musiqi həvəskarları Azərbaycan Mədəniyyət Mərkəzinə müraciət edərək Azərbaycan musiqisinə dair mahnıları əldə etmək istədiklərini bildiriblər.

Məhz, Azərbaycan musiqisinə olan böyük marağı nəzərə alaraq, Azərbaycan Mədəniyyət Mərkəzi milli musiqimizin incilərini seçərək onları qardaş ölkədə təbliğ etmək məqsədi ilə disk formasında buraxıb.

“Azərbaycan musiqisinin inciləri” adlı musiqi diskində həm Azərbaycan klassik musiqisinin şedevrləri sayılan Üzeyir Hacıbəylinin “Koroğlu uverturası”, “Aşıq sayağı”, “Arşın mal alan - qızların xoru”, Fikrət Əmirovun “Mən səni araram”, “Kürd ovşarı”, Qara Qarayevin “İldırımlı yollarla”, “Yeddi gözəl” əsərləri, həm də XX əsrin Azərbaycan musiqisinin şah əsərləri hesab olunan Müslüm Maqomayevin “Azərbaycan”, “Sənsiz”, Rəşid Behbudovun “Ay Laçın”, “Nazəndə sevgilim yadıma düşdü”, “Ana”, Şövkət Ələkbərovanın “Azərbaycanım”, “Axşam”, Zeynəb Xanlarovanın “Kimə nə qaldı”, “Cavanlığım”, “Sən mənimsən Qarabağ” və s. hitləri  öz əksini tapıb.

Müasir dövr Azərbaycan  musiqisinin ulduzları, sevilən mahnılarımız da diskdə öz əksini tapıb. Belə ki, Alim Qasımovun “Əziz dostum”, “Xatirələr”, Akif İslamzadənin “Ala gözlüm”, Flora Kərimovanın “Əzizim”, “Darıxıram sənin üçün Şuşam”,  Azərinin “Çırpınırdı Qara dəniz”, Elnarə Abdullayevanın “Azərbaycanım mənim”, Mirələm Mirələmovun “Sənsiz” mahnıları musiqi incilərimiz sırasına daxil edilərək diskdə verilib.

Bildiririk ki, Səfirliyin nəzdindəki Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin
Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində, Özbəkistan Dövlət Konservatoriyasında, Səmərqənd Dövlət Universitetində Azərbaycan ocaqları fəaliyyət göstərir. Yaxın vaxtlarda Əlişer Nəvai adına Daşkənd Dövlət  Özbək dili və ədəbiyyatı Universitetində, Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan ocaqları yaradılacaqdır. Sözügedən ocaqlara ölkəmizin təbliği məqsədi ilə Azərbaycana dair çoxsaylı kitablar, foto və rəsmlər, xəritələr, Azərbaycan bədii filmləri, videoçarxlar, sənədli filmlər hədiyyə olunur.

Qeyd edək ki, musiqi diskləri məhdud sayda hazırlanıb, Özbəkistan Dövlət Konservatoriyasına, musiqi, incəsənət məktəblərinə, yaradılan Azərbaycan ocaqlarına, habelə musiqi diskinin təqdimat mərasimizdə milli musiqimizə maraq göstərən  şəxslərə yalnız hədiyyə ediləcəkdir.

 

 

Arxiv üzrə axtarış