Səfirin ön sözü
Biz Sizi Səfirliyimizin internet səhifəsində salamlağımıza şadıq. Ölkəmiz, onun tarixi, mədəniyyəti, azərbaycan xalqının ənənələri ilə maraqlanan şəxslər burada maraqlı məlumatlar tapa bilərlər.
Azərbaycan və özbək xalqları arasında tarixi qardaşlıq və dostluq əlaqələrinin kökləri tarixin dərinliklərinə gedib çıxır. Bu gün Azərbaycan bütün dost ölkələrlə, o cümlədən Özbəkistanla da sıx əməkdaşlığa xüsusi əhəmiyyət verir.
1996-cı ilin may ayında Özbəkistan Respublikasının Prezidenti cənab İslam Kərimovun Azərbaycana rəsmi səfəri ilə Azərbaycan və Özbəkistan arasında dostluğun yeni mərhələsinin əsası qoyulmuşdur, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 1997-ci ilin iyununda Özbəkistana rəsmi səfəri isə bu münasibətləri daha da möhkəmləndirmişdir.
Qeyd etmək lazımdır ki, Azərbaycanın Mərkəzi Asiya regionunda ilk səfirliyi məhz Özbəkistanda açılmışdır.
Azərbaycan və Özbəkistan – dost və qardaş ölkələrdir. İkitərəfli münasibətlərimizin bütün tarixi ərzində xalqlarımız arasında qarşılıqlı hörmət və dostluq olmuşdur. Müstəqillik illəri ərzində hər iki dövlətin rəhbərlərinin fəaliyyəti nəticəsində ölkələrimiz bir-birinə daha da yaxınlaşmışdır. Səfirlik olaraq bizim gələcəkdəki vəzifəmiz bu dostluqvə qardaşlıq ənənələrini davam etdirmək, münasibətlərimizi bütün sahələrdə inkişaf etdirməkdir.
1947-ci ildən etibarən Daşkənd Dövlət Pedaqoji Universiteti dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyır. 23 mart 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı universitetin qarşısında dahi şairin abidəsi qoyulmuşdur. Sevindirici haldır ki, abidənin açılışını iki qardaş ölkənin dövlət başçıları – İlham Əliyev və İslam Kərimov etmişlər.
27 sentyabr 2010-cu ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana rəsmi səfəri zamanı isə Daşkənd şəhərində yerləşən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əsaslı təmir və bərpadan sonra açılışı olmuşdur. Mədəniyyət Mərkəzinin qarşısında Ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Özbəkistan hökumətinin qərarı ilə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yerləşdiyi bina ümummilli liderin adı ilə adlandırılmışdır.
Bu gün dərin tarixi köklərə malik olan Azərbaycan-Özbəkistan münasibətlərinin genişləndirilməsi üçün yeni imkanlar aşılmışdır. Və mən, Azərbaycanın səfiri kimi əminəm ki, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafına önəmli töhfə verəcəyik.
Hörmətlə,
Səfir
Hüseyn Quliyev