2016-05-18

SOCAR-ın prezidenti Daşkənddə görüşlər keçirmişdir

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənddə 20-ci Özbəkistan Neft-Qaz yubiley sərgi-konfransının açılışında iştirak etmişdir.26 ölkədən 200-dən çox şirkətin qatıldığı sərgidə dünyanın nüfuzlu enerji qurumları sırasında SOCAR da təmsil olunur. Şirkətin prezidenti Rövnəq Abdullayev sərgi çərçivəsində bir sıra rəsmi görüşlər keçirmişdir. Tədbirdə iştirak edən Bolqarıstanın Baş naziri Boyko Borisovla görüşdə Daşkəndə Salonikidən gəldiyini bildirən Rövnəq Abdullayev Trans-Adriatik boru kəmərinin (TAP) inşasına başlanılmasının Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında mühüm addım olduğunu söyləmişdir. Boyko Borisov TAP layihəsinin əhəmiyyətini vurğulayaraq, səhmdarlara, o cümlədən SOCAR-a uğurlar arzulamışdır. 

Özbəkistan Baş nazirinin birinci müavini Gulomjon İbragimov və “Uzbekneftegaz” Milli Holdinq Şirkəti İdarə Heyətinin sədri Alişer Sultanovla keçirilən görüşlərdə Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişaf etdiyi qeyd olunmuş, enerji sektorunda əlaqələrin genişləndirilməsi perspektivləri, habelə tərəfləri maraqlandıran digər məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılmışdır. Özbəkistan nümayəndələri ilə görüşlər zamanı SOCAR və “Uzbekneftegaz” şirkətləri arasında potensial əməkdaşlıq imkanları dəyərləndirilmişdir. Tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə istəklərini bəyan etmiş və bu istiqamətdə konkret fəaliyyət məsələlərini nəzərdən keçirmişlər. 

Səfər çərçivəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Uzbekneftegaz” Milli Holdinq Şirkəti İdarə Heyətinin sədri Alişer Sultanov tərəfindən iki şirkət arasında əməkdaşlığın əsasını qoyan Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Memorandum şirkətlər arasında neft-qaz yataqlarının kəşfiyyatı, işlənilməsi və enerji sektorunun inkişafı üzrə digər potensial əməkdaşlıq sferalarını əhatə edir. 

 

Arxiv üzrə axtarış