2016-05-19

Daşkənddə 28 may –Respublika Günü münasibəti ilə təntənəli qəbul təşkil edilmişdir.

19 may 2016-cı il tarixində Azərbaycanın Özbəkistandakı Səfirliyi 28 may – Respublika Günü münasibəti ilə təntənəli qəbul təşkil etmişdir.  Tədbirdə 300-dən artıq qonaq, o cümlədən Özbəkistan Baş nazirinin müavini  Adxam İkramov, Özbəkistanın dövlət və hökumət rəsmiləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, görkəmli elm, mədəniyyət, ictimai xadimləri və jurnalistlər iştirak etmişlər.

Azərbaycanın Özbəkistandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Quliyev tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasının 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının varisi olduğunu qeyd etmiş və 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi uğurlardan, hərtərəfli inkişafından danışmışdır. Səfir çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq münaqişənin tarixi, ermənilərin zaman-zaman törətdiyi təxribatlar barəsində də məlumat vermişdir. Özbəkistanın Azərbaycanı beynəlxalq arenada dəstəklədiyini vurğulayan səfir bu ölkəyə minnətdarlıq bildirmişdir.

Daha sonra, Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq edən jurnalistlər, alim və tərcüməçilər fəxri fərman və hədiyyələrlə təltif edilmişlər.

Tədbir iştirakçıları üçün Azərbaycan milli yeməklərinin təqdim olunduğu ziyafət verilmiş və Azərbaycan musiqiləri səsləndirilmişdir.

Arxiv üzrə axtarış