Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında
Azərbaycan Respublikasının Qanunu
I fəsil. Ümumi müddəalar
Maddə 1. Qanunun məqsədi
Bu Qanun Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti ilə bağlı ictimai münasibətləri tənzimləyir.
Maddə 2. Əsas anlayışlar
Əcnəbilər — Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxslərdir.
Vətəndaşlığı olmayan şəxslər — Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərdir.
İmmiqrasiya — «İmmiqrasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına daimi yaşamağa gəlməsi.
İmmiqrant — «İmmiqrasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti yaşayan hesab edilirlər.
Azərbaycan Respublikasına digər qanuni əsaslarla (turizm, şəxsi işi ilə bağlı, xidməti ezamiyyətə gəlmiş və sair bu kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar gəlmiş, immiqrant statusu olmayan) gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olan hesab edilirlər.
Maddə 3. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanunvericilik
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikasının Qanunu, «İmmiqrasiya haqqında» Azərbaycan Respublikasının Qanunu və bu Qanunlara müvafiq qəbul edilən Azərbaycan Respublikasının digər qanunvericilik aktları, habelə Azərbaycan Respublikasının iştirakçı olduğu beynəlxalq müqavilələri ilə müəyyən edilir.
Maddə 4. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinin əsasları
Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə digər qaydalar müəyyən edilməyibsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları ilə bərabər bütün hüquqlardan və azadlıqlardan istifadə edirlər və bütün vəzifələri yerinə yetirirlər.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının milli mənafeyinə zidd olmamalıdır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının, Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının və digər qanunvericilik aktlarının tələblərinə riayət etməli, Azərbaycan xalqının adət və ənənələrinə hörmət etməlidirlər.
Xarici dövlət onun ərazisində Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının həyata keçirilməsinə məhdudiyyət qoyduqda Azərbaycan Respublikasının qanunu ilə Azərbaycan Respublikasının ərazisində eyni məhdudiyyətlər həmin dövlətin vətəndaşları üçün müəyyən edilə bilər. Belə qanun onun qəbul edilməsinə əsas olan hallar aradan qaldırıldıqda ləğv olunur.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növü və xarakterindən və digər hallardan asılı olmayaraq Azərbaycan Respublikasında qanun və məhkəmə qarşısında bərabərdirlər.
Azərbaycan Respublikası ərazisindəki əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin 2-ci hissəsində müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər.
Maddə 5. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaları və müvəqqəti olmaları
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına müvəqqəti və ya daimi yaşamaq üçün gələ bilər və ya onun ərazisində müvəqqəti ola bilərlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanından icazə almalıdırlar.
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə aşağıdakı hallarda verilə bilər:
- həmin şəxslər Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;
- həmin şəxslər Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olduqda;
- həmin şəxslər ölkə iqtisadiyyatına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə investisiya qoyduqda;
- həmin şəxslər Azərbaycan Respublikasının banklarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə pul vəsaiti qoyduqda;
- həmin şəxslər Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi icazə aldıqda;
- həmin şəxslər Azərbaycan Respublikasının təhsil müəssisələrində əyani təhsil aldıqda;
- həmin şəxslər iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda ;
- qanunla müəyyən edilmiş digər hallarda.
Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilmir, əvvəl verilmiş icazə isə ləğv edilir:
- onların Azərbaycan Respublikasında müvəqqəti yaşaması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə və ya ictimai asayişə zərər vura biləcəyi hallarda;
- həmin şəxslər Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə;
- onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda;
- həmin şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda;
- həmin şəxslər əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda;
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş Azərbaycan Respublikasının vətəndaşı ilə bağlanmış nikah etibarsız hesab edildikdə;
- onlar xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə;
- şəxsin Azərbaycan Respublikasında yaşaması arzuolunmaz hesab edildikdə;
- qanunla müəyyən edilmiş digər hallarda.
Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə bir ilədək müddətə verilir. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə onu verən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilə və ya onun müddəti dörd dəfədən çox olmamaq şərti ilə uzadıla bilər.
Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azı iki il Azərbaycan Respublikasında qanuni əsaslarla müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə «İmmiqrasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq hüququ (immiqrant statusu) verilə bilər.
Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış yeri üzrə qeydiyyata alınırlar.
Digər qanuni əsaslarla Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olan hesab edilirlər.
Azərbaycan Respublikasının ərazisində müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış və ya olduğu yer üzrə qeydiyyata alınmalıdır və onlar üçün müəyyən edilmiş müddətlər qurtardıqdan sonra Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.
Şəxsiyyətini müəyyən etmək mümkün olmayan əcnəbi və vətəndaşlığı olmayan insan alveri qurbanlarına Azərbaycan Respublikasında yaşamaq hüququ verilə bilməz. Belə şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.
Maddə 6. Siyasi sığınacaq verilməsi
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikası əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir.
Maddə 7. Qaçqın statusu verilməsi
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə müəyyən olunmuş qaydada qaçqın statusu verilə bilər.
Maddə 8. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi
Azərbaycan Respublikasının Konstitusiyası və «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşlığı əldə edə bilərlər.
II fəsil. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları, azadlıqları və vəzifələri
Maddə 9. Toxunulmazlıq hüququ
Azərbaycan Respublikası ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq şəxsi toxunulmazlıq və mənzil toxunulmazlığı hüquqları vardır.
Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada tutulmuş, yaxud həbs olunmuş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu hərəkətlərə səbəb olan hallar və onların hüquqları haqqında dərhal məlumat verilməlidir.
Əcnəbini və Azərbaycan Respublikasında müvəqqəti olan vətəndaşlığı olmayan şəxsi tutmuş, yaxud həbs etmiş orqan və vəzifəli şəxs bu haqda dərhal Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məlumat verməlidir.
Maddə 10. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində hərəkət etmək və yaşayış yeri seçmək hüququ
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisində hərəkət edə və yaşayış yeri seçə bilərlər.
Hərəkət etməyə və yaşayış yeri seçməyə məhdudiyyətlərə ancaq Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada yol verilir.
Maddə 11. Əmək hüququ
Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə digər qaydalar müəyyən olunmayıbsa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər əmək münasibətlərində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni hüquqlardan istifadə edir və eyni vəzifələri daşıyırlar.
Azərbaycan Respublikasına müəyyən müddət əmək fəaliyyəti ilə məşğul olmaq üçün gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər əmək fəaliyyəti ilə müəyyən olunmuş qaydada məşğul ola bilərlər.
Müəyyən vəzifələr tutmaq, yaxud müəyyən fəaliyyət növləri ilə məşğul olmaq Azərbaycan Respublikası vətəndaşlığı ilə şərtləndirildiyi hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər belə vəzifələr tuta və belə fəaliyyətlə məşğul ola bilməzlər.
Maddə 12. İnvestisiya və sahibkarlıq fəaliyyəti hüququ
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada investisiya və sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. Bu halda onlar, Azərbaycan Respublikası qanunları ilə digər qaydalar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən olunmuş hüquqlardan istifadə edirlər və vəzifələri daşıyırlar.
Maddə13. Nigah hüququ və ailə münasibətləri
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları və digər şəxslərlə nigah bağlaya və bağladıqları nigahı ləğv edə bilərlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər nigah və ailə münasibətlərində Azərbaycan Respublikası vətəndaşları ilə eyni hüquqlara malikdirlər və eyni vəzifələri daşıyırlar.
Maddə 14. İstirahət hüququ
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları ilə eyni əsaslarla istirahət hüququndan istifadə edirlər.
Maddə 15. Sağlamlığın qorunması hüququ
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə nəzərdə tutulmuş qaydada sağlamlığın qorunması hüququ vardır.
Maddə 16. Sosial təminat hüququ
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə nəzərdə tutulmuş qaydada sosial təminat hüququndan istifadə edirlər.
Pensiya təyin edilməsi üçün müəyyən iş stajı tələb olunduqda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə nəzərdə tutulmuş qaydada xaricdəki fəaliyyətləri iş stajına hesab edilə bilər.
Maddə 17. Mənzil hüququ
Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə digər qaydada müəyyən edilməyibsə, Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş əsaslarla və qaydada dövlət, idarə və ictimai fondlarından mənzil almaq hüququ vardır.
Maddə 18. Vicdan azadlığı
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla vicdan azadlığı təmin edilir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır.
Maddə 19. Təhsil hüququ
Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər. Başqa əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə başqa qaydalar nəzərdə tutulmayıbsa, təhsil (icbari ümumi orta təhsil istisna olmaqla) pulludur.
Maddə 20. İctimai birliklərdə iştirak etmək hüququ
Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, Azərbaycan Respublikasının qanunları ilə və müvafiq birliklərin nizamnaməsi ilə digər qaydalar nəzərdə tutulmayıbsa, ictimai birliklərə Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla daxil olmaq hüququ vardır. Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qeyri-hökumət təşkilatının təsisçisi ola bilərlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının siyasi partiyalarının üzvü ola bilməzlər.
Maddə 21. Seçkilərə və ümumxalq səsvermələrinə (referendumlara) münasibət
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, aktiv və passiv seçki hüququna malik deyillər.
Maddə 22. Hərbi mükəlləfiyyətə münasibət
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hərbi mükəlləfiyyət daşımırlar.
Maddə 23. Əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən vergi və rüsum tutulması
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən vergi və rüsumlar tutulması Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri əsasında həyata keçirilir.
III fəsil. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məsuliyyəti
Maddə 24. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məsuliyyətinin əsasları
Azərbaycan Respublikası ərazisində cinayət, ictimai və digər hüquqpozma törətmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 25. Azərbaycan Respublikasında olma və tranzit keçidi qaydalarının pozulmasına görə məsuliyyət
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olma qaydalarını pozduqları hallarda:
- Azərbaycan Respublikasında yaşama hüququ verən sənədlər olmadan yaşadıqda ;
- Azərbaycan Respublikasında etibarsız sənədlər əsasında yaşadıqda;
- qanunvericiliklə müəyyən edilmiş bir yerdən başqa yerə getmə, yaşayış yeri seçmə və qeydiyyat və ya yazılma qaydalarına riayət etmədikdə;
- işə düzələrkən müəyyən edilmiş qaydaları pozduqda;
- olma müddəti qurtardıqdan sonra Azərbaycan Respublikası ərazisini vaxtında tərk etmədikdə;
- Azərbaycan Respublikası ərazisindən tranzit keçidi qaydalarına əməl etmədikdə — Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 26. Azərbaycan Respublikasında əcnəbilərin vətəndaşlığı olmayan şəxslərin olma müddətlərinin qısaldılması
Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini pozan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma müddətləri qısaldıla bilər.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi olma müddətlərinin qısaldılması haqqında qərarı müvafiq dövlət orqanları qəbul edir.
Maddə 27. İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanunvericiliyin tələbləri kobud surətdə pozulduqda, habelə Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş digər hallarda immiqrant statusu olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının və ya məhkəmənin qərarına əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıla bilərlər.
İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
İmmiqrant statusu olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərarda müəyyən olunmuş müddətdə Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. Azərbaycan Respublikası ərazisini tərk etməkdən boyun qaçıran immiqrant statusu olmayan əcnəbi və vətəndaşlığı olmayan şəxs, müvafiq məhkəmənin (hakimin) qərarı əsasında tutulur və məcburi qaydada Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılır. İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərardan məhkəməyə şikayət verilə bilər. Şikayət verilməsi qərarın icrasını dayandırmır.
Müəyyən edilmiş qaydalara əsasən Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılmalı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət daktiloskopik qeydiyyatından keçməlidirlər.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-ci maddəsinə müvafiq olaraq əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıla bilər.
İmmiqrant statusu olmayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs insan alverindən zərər çəkmiş şəxs hesab olunduqda, onun barəsində 1 il müddətində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir. Bu müddət başa çatdıqda, lakin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs insan alveri ilə bağlı cinayət işləri üzrə cinayət təqibi orqanlarına yardım göstərdikdə, həmin şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma cinayət təqibi başa çatanadək tətbiq olunmur. İnsan alverinin qurbanı olan uşaqlar barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq olunmur.
Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxartma haqqında qərar qəbul edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin qərar icra olunanadək müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü olaraq yerləşdirilə bilərlər.
Maddə 27-1. İmmiqrantın Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması
İmmiqrantın Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması «İmmiqrasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
IV fəsil. Yekun müddəaları
Maddə 28. Beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə bu Qanunda müəyyən edilmiş qaydalardan fərqli qaydalar müəyyən edildikdə beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.
Maddə 29. Diplomatik immunitetə və imtiyazlara malik olan şəxslər barəsində bu Qanunun tətbiqi
Bu Qanun Azərbaycan Respublikası qanunları və iştirakçısı olduğu beynəlxalq müqavilələri əsasında diplomatik immunitetə və imtiyazlara malik olan şəxslərin hüquqlarına toxunmur.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 13 mart 1996-cı il
№ 41-IQ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 1997-ci il, № 1, maddə 19).
5 oktyabr 2001-ci il tarixli, 183-IIQD nömrəli; 12 oktyabr 2001-ci il tarixli, 203-IIQD nömrəli; 12 oktyabr 2001-ci il tarixli, 207-IIQD nömrəli; 26 aprel 2002-ci il tarixli, 313-IIQD nömrəli; 4 iyun 2002-ci il tarixli, 339-IIQD nömrəli; 30 dekabr 2003-cü il tarixli, 568-IIQD nömrəli; 30 dekabr 2003-cü il tarixli, 569-IIQD nömrəli; 30 dekabr 2005-ci il tarixli, 51-IIIQD nömrəli; 27 fevral 2007-ci il tarixli, 251-IIIQD nömrəli; 24 iyun 2008-ci il tarixli, 658-IIIQD nömrəli; 12 fevral 2010-cu il tarixli, 952-IIIQD nömrəli qanunlara əsasən dəyişikliklər və əlavələrlə