Diplomatiyamız qarşısında duran yeni vəzifələr: tarixi irsdən gələcəyə doğru

İyulun 9-u diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır. AZƏRTAC bu münasibətlə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun qeydlərini təqdim edir.

Minilliklərlə ölçülən dövlətçilik ənənələrinə malik Azərbaycanın zəngin diplomatiya tarixi var. Qafqaz Albaniyasının hökmdarı Cavanşirin çətin geosiyasi mühitdə balanslaşdırılmış diplomatiyası, Atabəylər, Şirvanşahlar, Qaraqoyunlu dövlətlərinin diplomatik fəaliyyətləri diplomatiya tariximizin unudulmaz və şanlı səhifələridir.

Ümumiyyətlə, Azərbaycanın tarixi İpək Yolunun üzərindəki strateji mövqeyi onun zəmanənin beynəlxalq münasibətlərinin, diplomatik və ticarət əlaqələrinin əsas subyektlərindən biri olmasını şərtləndirirdi. Ağqoyunlu Uzun Həsənin dövründə Azərbaycanın Şərq-Qərb əlaqələrindəki rolu daha da artmışdı. Azərbaycan ənənəvi əlaqələr saxladığı Şərq ölkələrindən başqa, Avropa dövlətləri ilə də geniş diplomatik münasibətlər yaratmağa müvəffəq olmuşdu. Xarici ölkələrlə aparılan danışıqlarda Uzun Həsənin anası – o zaman bütün Şərqdə yeganə qadın diplomat olan Sara Xatun mühüm rol oynayırdı.

Xanlıqlar dövrü siyasi pərakəndəliklə müşayiət olunsa da, Azərbaycan ərazisindəki xanlıqlar öz maraqlarından çıxış edərək yaxın və uzaq dövlətlərlə əlaqələr saxlayır və diplomatik danışıqlar aparırdılar.

XIX əsrin əvvəllərində Azərbaycanın Çar Rusiyasının tərkibinə daxil edilməsi onu sərbəst diplomatik fəaliyyətdən məhrum etmişdi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə ölkəmiz yenidən müstəqil şəkildə beynəlxalq münasibətlər sisteminə qoşuldu. Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərirdi.

1920-ci ilin aprelinədək Azərbaycanın Gürcüstan, Ermənistan, İran, Türkiyə, Ukrayna və başqa yerlərdə diplomatik nümayəndəlikləri və Baş konsulluqları mövcud idi. Həmin il yanvarın 11-də Paris Sülh Konfransında Xalq Cümhuriyyətinin müstəqilliyi de-fakto tanınandan sonra Azərbaycan hökuməti tərəfindən Qərbi Avropa və Amerikada diplomatik nümayəndəliklərin təsis edilməsinə dair qanun layihəsi hazırlandı.

Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalının ardınca 1922-ci il dekabrın 30-da Moskvada Birinci Ümumittifaq Sovetlər Qurultayında SSRİ-nin yaradılması haqqında müqavilə imzalandı və Azərbaycanın müstəqil xarici siyasət fəaliyyəti tamamilə dayandırıldı. 1923-cü il oktyabrın 8-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin əmri ilə Türkiyə və İran istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklər ləğv edildi.

Yalnız İkinci Dünya müharibəsinin sonlarına yaxın - 1944-cü ildə sovet hakimiyyəti özünün geniş strateji maraqlarını əsas götürərək digər respublikalarla yanaşı, Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığını da yaratdı. Lakin bu orqan uzun illər boyu yalnız formal mövcud oldu.

SSRİ-nin dağılması nəticəsində XX əsrdə yenidən öz müstəqilliyini əldə edən Azərbaycan suverenliyinin mühüm atributlarından biri kimi xarici siyasət fəaliyyətini müəyyənləşdirməyə başladı.

Keşməkeşli tarixi dövrdə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının israrlı təkidi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə həyata keçirilən milli dövlətçiliyin qurulması prosesi Xarici İşlər Nazirliyi sistemini də əhatə etdi. Strateji baxışa, uzaqgörənliyə və dərin düşüncəyə malik olan Ulu Öndər tərəfindən tarixi irsdən və yerləşdiyimiz geosiyasi mövqeyin özəlliklərindən çıxış edərək Azərbaycanın çoxistiqamətli və tarazlaşdırılmış xarici siyasət strategiyası formalaşdırıldı.

Heydər Əliyev irsi əsasında Prezident İlham Əliyev tərəfindən bu gün Azərbaycanın milli maraqlarına əsaslanan çoxistiqamətli və dinamik xarici siyasəti uğurla davam etdirilir, ölkəmizin inkişafının yeni mərhələsinə, dövrün çağırış və tələblərinə uyğun olaraq yeni strateji hədəflər müəyyən edilir və həyata keçirilir.

Dövlətimizin başçısı diplomatik fəaliyyəti daim diqqət mərkəzində saxlamaqla bərabər, bu sahəyə xüsusi qayğı göstərir. Bu mənada heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edilməsi tarixini əsas tutaraq, 2007-ci il avqustun 24-də hər il iyulun 9-nun Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Bu il 28 may - Respublika Günü münasibətilə rəsmi qəbulda məzmunlu və əhatəli nitq ilə çıxış edən Prezident İlham Əliyev müsəlman dünyasında ilk demokratik respublika olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və xarici müdaxilə nəticəsində süqutu, Sovet İttifaqının dağılması ilə Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşması, xalqın təkidi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı kimi xalqımız üçün taleyüklü məsələlərə nəzər salaraq xarici siyasətimizi belə səciyyələndirib: “Azərbaycan xarici siyasət sahəsində böyük uğurlar əldə edib. Biz beynəlxalq arenada öz milli maraqlarımızı bundan sonra da müdafiə edəcəyik. Biz bu gün dünyada çox böyük hörmətə malik olan ölkə kimi tanınırıq. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Ermənistandan başqa heç bir ölkə ilə ikitərəfli formatda bizim problemimiz yoxdur. Biz bir çox üçtərəfli əməkdaşlıq formatları irəli sürdük”.

Milli maraqlara söykənən bu xarici siyasət əsasında Azərbaycan regionda və onun hüdudlarından kənarda mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq mühiti formalaşdırmağa nail olub. Hərbi-siyasi blokların üzvü olmayan Azərbaycan bu xoşməramlı siyasət vasitəsilə “yumşaq” təhlükəsizlik mühiti yaradıb, kənar qüvvələrin hesabına təhlükəsizliyin “istehlakçısı” kimi deyil, öz gücü hesabına regionda təhlükəsizliyin “istehsalçısı” və təminatçısı rolunda çıxış edir. Azərbaycan layiqli və etibarlı tərəfdaş kimi qəbul olunur. Ölkəmizin Latın Amerikası, Afrika və Cənub-Şərqi Asiya ölkələri ilə genişlənən əməkdaşlığı və həyata keçirilən qarşılıqlı səfərlər Azərbaycan ilə tərəfdaşlıq etmək istəyən ölkələrin sayının artmasının aydın göstəricisidir.

Siyasi nəzəriyyəçi Cozef Nayın təbirincə desək, Azərbaycanın yürütdüyü bu siyasət “Smart Power” adlandırıla bilərdi. Amma bu cür çətin regionda və siyasi, iqtisadi, hərbi böhranların tüğyan etdiyi nizamsız dünya düzənində Azərbaycanın milli maraqlara əsaslanan müstəqil xarici siyasət həyata keçirməsini və təhlükəsizliyini təmin etmə qabiliyyətinin mahiyyət və leksik baxımdan “İntelligent Power” adlandırılması bəlkə daha düzgün olardı.

Proqram və konsepsiya xarakterli nitqində dövlətimizin başçısı tarixi irsimizi və müasir beynəlxalq münasibətlər sisteminin təhdid və çağırışlarını nəzərə alaraq xarici siyasətimiz qarşısında yeni vəzifə və tapşırıqlar müəyyən edib ki, bunlar da aşağıdakı şəkildə təsnif oluna bilər:

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməsi;

- Azərbaycanda daxili risk mənbələrinin mövcud olmadığını və əsas təhlükələrin ölkəmizin xaricində formalaşdığını nəzərə alaraq, düzgün siyasət və zəruri tədbirlərlə ölkəmizin xaricdən olan risklərdən qorunması və təhlükəsizliyin təmin edilməsi;

- Dövlətlərin daxili işlərinə qarışmamaq və xarici müdaxiləni inkar edən dövlətlərarası münasibətlərin dəstəklənməsi;

- Azərbaycanın milli maraqlarına və xalqın mənafeyinə cavab verməyən beynəlxalq hərəkətlərdən və təşəbbüslərdən kənar durulması və milli maraqlarımıza əsaslanan siyasətin davam etdirilməsi;

- Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığının və çoxtərəfli diplomatiyamızın genişləndirilməsi;

- Milli-mənəvi və dini dəyərlərimizə sadiq olaraq və əsrlər boyu formalaşan zəngin təcrübəmizdən çıxış edərək dinlər və mədəniyyətlərarası dialoq və multikulturalizmin təşviq edilməsi;

- Dünya maliyyə-iqtisadi böhranı və neftin qiymətinin aşağı düşməsi fonunda milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, ixracın genişləndirilməsi və yeni bazarlara çıxışın əldə edilməsi;

- TANAP və TAP layihələrinin qrafikə uyğun olaraq inşasının başa çatdırılması və Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması;

- Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə işlərin yekunlaşdırılması.

Dünyada hökm sürən böhran və münaqişələrin, soyuq müharibə dövrü üçün xarakterik geosiyasi çəkişmələrin gərginləşməsi, terrorizmin yeni forma və təzahürlərinin meydana çıxması, habelə asimmetrik hədə və təhdidlərin fonunda dövlətimizin başçısı tərəfindən xarici siyasət sahəsində müəyyən olunan strateji hədəflər dövrün tələblərini özündə ehtiva edir və uzunmüddətli perspektivdə ölkəmizin davamlı inkişaf və təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

Dövlət başçısının proqram xarakterli nitqində qeyd olunduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin əsas prioriteti olmaqda davam edir. 200 ildən artıq bir dövr ərzində formalaşdırılan “böyük Ermənistan” ideologiyasının siyasi-hərbi müstəviyə keçirilərək Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməklə müharibəyə başlaması və nəticə etibarilə, ərazilərimizin 20 faizini işğal etməsi və bir milyondan artıq soydaşımızı etnik təmizləməyə məruz qoyması təhlükəsizliyimiz üçün ən başlıca təhdiddir.

Münaqişənin həllində Azərbaycanın mövqeyi qəti və prinsipial xarakter daşıyır - Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan işğal faktı ilə heç zaman barışmayacaq, heç zaman öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Azərbaycan xalqının iradəsi əsasında dövlətimizin başçısı tərəfindən danışıqlar prosesində Azərbaycanın strateji mövqeyi məhz bu şəkildə qoyulub. İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində mülki insanları ağır silahlardan hədəfə alaraq, azyaşlı qızcığazın, onun nənəsinin ölümünün və digər qadının yaralanmasının səbəbkarı olan Ermənistan əslində bir daha özünün əsl xislətini, təxribatlar yolu ilə danışıqlar prosesini və həmsədrlərin səylərini pozmaq siyasətini sübut etmiş oldu.

Ötən müddət ərzində proaktiv strategiya əsasında siyasi-diplomatik, hərbi, informasiya, humanitar və digər sahələrdə Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınması və ifşa edilməsi üçün mühüm tədbirlər görülüb. Bu tədbirlər aşağıdakı uğurları təmin edib:

- Ermənistan istisna olmaqla, bütün beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır, dəstəkləyir və hörmətlə yanaşır. Bu mövqe BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, NATO, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların qətnamə və qərarları, habelə ikitərəfli əsasda digər dövlətlərin bəyanatlarında və ikili sənədlərində təsbit olunub;

- Ermənistanın Azərbaycan ərazilərinin hərbi işğalını siyasi müstəviyə daşımaq və hətta işğala öz müqəddəratını təyin etmək donu geyindirərək legitimləşdirmək cəhdləri iflasa uğrayıb. Beynəlxalq ictimaiyyət Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərini hərbi yolla işğal etməsinin nəticələrini tanımayıb və heç zaman da tanımayacaq. Əksinə, BMT TŞ-nin məlum qətnamələrində, İƏT-in qətnamə və bəyanatlarında və digər beynəlxalq qurumların sənədlərində Azərbaycan ərazilərinin işğalı və gücdən istifadə edərək dövlətlərin tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri pislənilir;

- ATƏT-in Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyət işğala əsaslanan mövcud status-kvonu qəbuledilməz və qeyri-davamlı hesab edir və onun dəyişdirilməsinə ciddi çağırışlar edir. Status-kvonun dəyişdirilməsi, ilk növbədə, işğal faktının aradan qaldırılmasını nəzərdə tutur;

- Münaqişənin mərhələli şəkildə həllinin siyasi-hüquqi əsasları formalaşdırılıb və bu, bütün beynəlxalq ictimaiyyətə məlumdur. Bu, beynəlxalq hüququn norma və prinsipləri, BMT TŞ-nin məlum qətnamələri, Helsinki Yekun Aktına əsaslanaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı icmasının öz doğma torpaqlarına qayıtması və Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının muxtar şəkildə birgə yaşayışını nəzərdə tutur;

- Ermənistan danışıqlar prosesində dalana dirənmiş vəziyyətdədir. Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaqdan başqa yolu yoxdur. Ona görə də Ermənistan çabalayaraq siyasi-hərbi təxribatlarla diqqəti əsas hədəfdən yayındırmağa və texniki məsələlərə yönəltməyə çalışaraq danışıqlara əngəl yaratmağa cəhd göstərir;

- Azərbaycan ərazilərinin Ermənistan tərəfindən müvəqqəti və taktiki işğalı Ermənistanın geosiyasi və geoiqtisadi təcridini və strateji məğlubiyyətini şərtləndirərək, onu regional layihələrdən kənarda qoyub və bu ölkənin siyasi, hərbi, iqtisadi, sosial və demoqrafik resurslarını tükətməkdədir. Həmçinin suveren dövlət kimi Ermənistan öz mövcudluğunu ciddi sual altına qoyub;

- Siyasi-hüquqi vasitələrlə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın həyata keçirdiyi qeyri-qanuni əməllərin qarşısı alınır və beynəlxalq səviyyədə Ermənistanın bu kimi hərəkətləri ifşa olunur. Milli və beynəlxalq hüquqi təqib mexanizmləri ilə bu sahədə ciddi nailiyyətlər əldə edilib;

- Ermənistanın Azərbaycana qarşı təcavüz, işğal və etnik təmizləmə siyasəti, həmçinin işğal edilmiş ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı dövlət səviyyəsində törətdiyi terror, hərbi və bəşəriyyət əleyhinə cinayət əməllərinin ifşası nəticəsində erməni yalanları üzə çıxarılıb və Ermənistanın bir dövlət olaraq beynəlxalq səviyyədə mənəvi dayaqları və imici əsaslı şəkildə sarsılıb. Beynəlxalq ictimai rəydə Ermənistanın işğalçılıq siyasəti və erməni yalanları barədə aydın fikir formalaşdırılıb. Alxanlı kəndində törətdiyi təxribatla Ermənistan növbəti dəfə özünü ifşa etdi.

Qeyd olunan istiqamətlərdə qazanılan nailiyyətlərdən çıxış edərək və münaqişənin həlli ilə əlaqədar dövlətimizin başçısı tərəfindən qoyulmuş vəzifələrə uyğun olaraq, Ermənistanın işğalının nəticələrinin aradan qaldırılması və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması üçün ardıcıl və proaktiv fəaliyyət bundan sonra da davam etdiriləcək.

Ermənistanın təcavüz və işğalının timsalında ənənəvi təhlükə ilə üzləşən Azərbaycan müasir dövr üçün xarakterik olan və xaricdən qaynaqlanan yeni və asimmetrik risk və təhdidləri də ciddi surətdə nəzərə alır və onların qarşısını almaq üçün zəruri tədbirlər görür. Bu gün Azərbaycanda daxili risk mənbələri mövcud deyil. Ölkəmizin hüquq-mühafizə və xüsusi xidmət orqanlarının yüksək peşəkarlığı ilə bərabər, Prezident İlham Əliyev tərəfindən qeyd edildiyi kimi, Azərbaycandakı sabitliyin fundamental əsasını düzgün sosial-iqtisadi siyasət, inklüziv, multikultural cəmiyyətin qurulması və bu xüsusda atılan davamlı və düzgün addımlar təşkil edir. Həmçinin Azərbaycanda statik, məhz ölkənin inkişafını, xalqın rifahının günbəgün yaxşılaşmasını, hüquq və azadlıqların qorunmasını şərtləndirən təhlükəsizlik siyasəti yürüdülür.

Daxili və xarici siyasət bir-biri ilə üzvi şəkildə bağlı olduğu üçün xarici siyasətimiz milli müdafiənin ön xətti kimi qlobal təhlükə və təhdidlərin artdığı şəraitdə xaricdən olan risklərin vaxtında müəyyən edilməsi, diplomatik metod və vasitələrlə onların qarşısının alınması, ölkəmiz ətrafında xoş mühitin formalaşdırılması və düzgün təhlil və proqnozlarla Azərbaycanın maraqlarımıza cavab verməyən beynəlxalq hərəkət və təşəbbüslərə qoşulmamasını təmin etməkdə davam edir.

Azərbaycan təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək, beynəlxalq təhlükəsizliyin gücləndirilməsi, terrorizm və onun bütün forma və təzahürləri, radikalizm və ekstremizm, kütləvi qırğın silahlarının yayılması və bu kimi hallara münbit şərait yaradan münaqişələrin köklü həll edilməsi istiqamətində beynəlxalq birliyin ikitərəfli və çoxtərəfli əsasda olan kollektiv səylərini yaxından dəstəkləyir. Azərbaycan bu istiqamətdə mövcud beynəlxalq mexanizm və vasitələrin gücləndirilməsi və effektivliyinin artırılması işinə də öz töhfəsini verir.

Dövlətdaxili münasibətlərdə olduğu kimi, dövlətlərarası münasibətlərdə də qanunun aliliyi təmin edilməli, bütün dövlətlər BMT nizamnaməsi və beynəlxalq hüququn norma və prinsipləri əsasında üzərinə düşən öhdəliklərini yerinə yetirməlidirlər. Azərbaycan qanunun aliliyinə əsaslanan beynəlxalq münasibətlər sisteminin qurulmasının tərəfdarıdır və bu kimi səyləri dəstəkləyir. II Dünya müharibəsindən sonra BMT-nin yaradılması və ümumiyyətlə beynəlxalq münasibətlərin sürətlə təsisatlanması, beynəlxalq hüququn norma və prinsiplərinin məcəllələşdirilməsi müharibə riski və təhlükələrini azaltsa da, tam şəkildə aradan qaldıra bilməyib. Təəssüflər olsun ki, II Dünya müharibəsində olduğu kimi, qonşu dövlətə qarşı güc tətbiq edərək onun ərazisini işğal edən Ermənistan kimi dövlət hələ də var. Həmçinin digər dövlətlərin daxili işlərinə müdaxilə olunması və öz iradəsinə tabe etdirilməsi, yeni qeyri-sabitlik ocaqlarının və münaqişələrin yaranmasına gətirib çıxarıb. Azərbaycan heç bir dövlətin daxili işinə qarışmır və öz daxili işlərinə də digər dövlətlərin qarışmasını qəbul etməyəcək.

Bununla bərabər, ədalətli və təhlükəsiz beynəlxalq münasibətlər sisteminin qurulmasının mühüm təməllərindən birini mədəniyyətlər və sivilizasiyalararası dialoqun, multikulturalizmin təşviqi təşkil edir. Təəssüflər olsun ki, müasir dünyada sivilizasiyaların toqquşmasını nəzəriyyədən praktikaya keçirmək istəyən şəxslərin sayı artmaqdadır. Çoxəsrlik tolerantlıq ənənələri və uğurlu dövlət siyasəti ilə multikulturalizmin nəinki mövcudluğunu, hətta inkişafını təmin edən Azərbaycan bu təcrübə və model əsasında qlobal səviyyədə sivilizasiyalar və mədəniyyətlərarası dialoq prosesini yaxından dəstəkləyir. Birinci Avropa Oyunları, BMT-nin Sivilizasiyalar Alyansının Bakı Forumu, Mədəniyyətlərarası dialoq forumu və bütövlükdə Bakı Prosesi, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın bu məqsəd və məramın inkişafı naminə verdiyi töhfələrdir.

Xarici siyasətimiz qarşısında dövlət başçısı tərəfindən qoyulan növbəti tapşırıqlardan biri də beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsidir. Beynəlxalq münasibətlər sistemində çoxtərəfli diplomatiya birtərəfli addımları üstələməli, ərazisindən və əhalisinin sayından asılı olmayaraq, bütün dövlətlərin səsi eşidilməli və kollektiv qərarlar qəbul edilməlidir. Bu baxımdan Azərbaycan çoxtərəfli diplomatiyanın və beynəlxalq təşkilatlarla əməkdaşlığının daha da inkişaf etdirilməsinə çalışacaq. Universal beynəlxalq təşkilat kimi burada əsas hədəf BMT və onun ixtisaslaşmış təşkilatlarıdır. 25 illik dövr ərzində Azərbaycan və BMT arasında faydalı və səmərəli əməkdaşlıq qurulub. Bundan və Azərbaycanın 2012-2013-cü illərdə BMT TŞ-nin qeyri-daimi üzvlüyü təcrübəsindən çıxış edərək, Azərbaycan BMT sistemində islahatlar aparılması və müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində səyləri yaxından dəstəkləməkdə davam edəcək. 2016-cı ilin iyun ayında Azərbaycan BMT Baş Məclisində keçirilmiş səsvermədə iştirak edən 184 üzv dövlətdən 176-nın səsini qazanmaqla, 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçildi. ECOSOC davamlı inkişafa dair peşəkar müzakirələr aparmaq üçün mərkəzi platforma olmaqla, bizə beynəlxalq inkişafa töhfə vermək üçün əlavə imkan yaradacaq.

BMT Baş Məclisindən sonra 120 dövlətin iştirak etdiyi Qoşulmama Hərəkatı ən böyük beynəlxalq platformadır. 2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv oldu. Qoşulmama Hərəkatı yarandığı vaxtdan bəri beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayır. Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının keçən il sentyabrın 13-18-də Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilmiş XVII Sammitinin yekun sənədində 2019-cu ildə XVIII Zirvə toplantısının Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub. 2019-cu ildə Bakıda keçiriləcək XVIII Sammit həm də rəmzi xarakter daşıyacaq. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi imkanı qazanacaq. 2019-2022-ci illər ərzində Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək.

Bundan əlavə, Azərbaycan üzv olmadığı, amma müvafiq mexanizmlərlə əməkdaşlığa malik olduğu Avropa İttifaqı, NATO, Körfəz Əməkdaşlıq Şurası, Ərəb Dövlətləri Liqası, Şanxay Əməkdaşlıq Təşkilatı, Afrika İttifaqı, Amerika Dövlətləri Təşkilatı və digər təsisatlarla əlaqələrini daim inkişaf etdirəcək. Həmçinin Azərbaycan üzv olduğu regional təşkilatlar, o cümlədən ATƏT, İƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası, Müstəqil Dövlətlər Birliyi, GUAM, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar çərçivəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün səylərini artıracaq.

Müstəqillik illərində Azərbaycanın beynəlxalq problemlərə yaxından bələd olan peşəkar diplomatları yetişib. Onların sırasında gənclər üstünlük təşkil edir. Qarşıdakı dövr ərzində üzv olduğumuz beynəlxalq təşkilatların idarəetmə sistemində peşəkar kadrlarla təmsil olunmaq və bu yolla onların işinə verdiyimiz töhfələri daha da artırmaq niyyətindəyik.

Ölkəmizdə aparılan köklü iqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafı fonunda iqtisadi diplomatiya konsepsiyamız daha böyük aktuallıq kəsb etməkdədir. Bu mənada Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, ölkənin iqtisadi potensialının xaricdə təşviq olunması, qeyri-neft sektorunun şaxələndirilməsi, ixracın təşviqi və genişləndirilməsi, xarici sərmayələrin ölkəmizə cəlb edilməsi, tərəfdaş ölkələrə Azərbaycan sərmayələrinin yatırılmasının təşviqi, işgüzar dairələrin nümayəndələrinin səfərlərinin təşkili, iqtisadi əməkdaşlıq üzrə Azərbaycanın xarici dövlətlərlə birgə hökumətlərarası komissiya və işçi qruplarının iclaslarının keçirilməsi, ölkəmizdə istehsal olunan məhsul və xidmətlərin yeni bazarlara çıxarılması, eyni zamanda, xarici ölkələrdə tətbiq olunan müasir texnologiyaların ölkəmizə cəlb edilməsi iqtisadi diplomatiyamızın gündəliyində əsas istiqamətlərdir. Bu xüsusda Xarici İşlər Nazirliyi İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət qurumları ilə birlikdə Hökumətlərarası Birgə Komissiyaların iclaslarının keçirilməsi, biznes forumların təşkil edilməsi üçün iş aparır. İkitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsində turizm sahəsində əməkdaşlıq da mühüm yer tutur. Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin diplomatik nümayəndəlikləri Azərbaycanın turizm imkanlarının tanıdılması üçün turizm baxımından cəlbedici ölkələrdə birgə iş aparırlar.

Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi enerji və nəqliyyat layihələri regional əməkdaşlığa töhfə verib. Biz Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata keçirilməsində fəal şəkildə iştirak edirik. Transxəzər beynəlxalq marşrutunun yaradılması və tezliklə istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi əhəmiyyətli layihələr sırasındadır. Çinin İpək Yolu İqtisadi Kəməri konsepsiyasının tam reallığa çevrilməsi Bakı-Tbilisi-Qars layihəsini regionun ən vacib infrastrukturları sırasına qoşacaq. Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu layihəsinin iqtisadi artıma yeni stimul verəcəyinə, layihəyə cəlb olunan ölkələr, eləcə də bütün region üçün nəqliyyat imkanlarını genişləndirəcəyinə əminik.

Azərbaycan irimiqyaslı enerji layihəsi olan Cənub Qaz Dəhlizinin təşəbbüskarıdır. TANAP/TAP layihələri bu dəhlizin mühüm tərkib hissələridir. Bu, enerji əməkdaşlığı və enerji təhlükəsizliyi layihəsidir. Amma enerji və nəqliyyat dəhlizləri yalnız enerji və yüklərin daşınması demək deyil. Bu, hərtərəfli əməkdaşlıq dəhlizləridir. “Cənub Qaz Dəhlizi” layihəsinin üzvləri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadır. Əminik ki, sonrakı mərhələdə digər Balkan ölkələri də layihəyə qoşulacaq. Qarşıda qoyulan vəzifəyə uyğun olaraq məqsədimiz TANAP/TAP layihələrinin qrafikə uyğun olaraq vaxtında istismara verilməsinin təmin olunmasıdır.

Dövlətimizin başçısı tərəfindən milli maraqlarımıza uyğun olaraq xarici siyasətimiz qarşısında qoyulan strateji tapşırıqlar orta və uzunmüddətli dövr ərzində müstəqilliyimizin və suverenliyimizin möhkəmləndirilməsi, təhlükəsizliyimizin təminatı və Azərbaycan xalqının rifahının daha da yaxşılaşdırılması, regionda sülhün və təhlükəsizliyin təmin olunması, iqtisadi inkişaf, ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun və çəkisinin daha da artırılmasına xidmət edən vahid dövlət siyasətinin tərkib hissələridir. Bu vəzifələrin həyata keçirilməsi müstəqil, çoxistiqamətli və tarazlaşdırılmış xarici siyasətimizin qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təməl prinsipləri əsasında davam etdirilərək ikitərəfli əsasda və beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlarla birgə fəaliyyətimizin daha da artırılmasını və yeni təşəbbüslərlə çıxış edilməsini, həmçinin dövrün tələblərinə uyğun olaraq fəal humanitar, enerji, nəqliyyat, iqtisadi və rəqəmsal diplomatiya tədbirlərini özündə ehtiva edir.

Əmin etmək istərdim ki, Xarici İşlər Nazirliyi Prezident İlham Əliyev tərəfindən göstərilən etimadın və xarici siyasətimiz qarşısında qoyulan vəzifə və tapşırıqların layiqincə yerinə yetirilməsi üçün qarşıdan gələn dövr ərzində də səylərini əsirgəməyəcək.

Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə bütün XİN kollektivini təbrik edirəm.

Elmar Məmmədyarov

Azərbaycan Respublikasının xarici işlər naziri

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti