Daşkənddə “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçirilib
Oktyabrın 18-də Daşkənddə “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, Özbəkistan Nazirlər Kabineti yanında Dini İşlər üzrə Komitəsi və Özbəkistan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən konfransda Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət və din xadimlərindən ibarət nümayəndə heyəti, Türkiyənin din xadimləri iştirak ediblər. Nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, deputat Cavanşir Paşazadə və digərləri daxildir.
Konfransa Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərindən, Qaraçay-Çərkəz Respublikasından və digər müsəlman subyektlərindən, həmçinin bir sıra beynəlxalq təşkilatlardan nümayəndələr də qatılıblar.
Tədbirdə, həmçinin Özbəkistan tərəfdən Baş nazir Abdulla Aripov, Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmanxon Alimov, Nazirlər Kabineti yanında Dini İşlər üzrə Komitənin sədri Ortikbek Yusupov və digərləri iştirak ediblər.
Konfrans müqəddəs Qurandan ayələrin oxunması ilə başlayıb.
Özbəkistan Prezidentinin müşaviri Alişer Sultanov dövlət başçısı Şavkat Mirziyayevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Müraciətdə deyilir ki, dövlətlərimiz və xalqlarımız ta qədimdən dostluq edib və bundan sonra da edəcəklər. Daşkənd, Səmərqənd, Buxara və Xivə şəhərləri İslam mədəniyyətinin mərkəzləri kimi məşhurdur. Özbəkistanın İmam Buxari, Maturidi, Termezi kimi məşhur şəxsiyyətləri olub və onları bütün dünyada tanıyırlar. Ölkəmiz milli mənəvi dəyərlərə hörmət edən ölkə kimi tanınıb. Hazırda Özbəkistanda 130 xalq və millətin, 16 konfessiyanın nümayəndələri sabitlik və əmin-amanlıq şəraitində yaşayırlar. Daşkənddə İslam İnstitutu və İslam Universiteti fəaliyyət göstərir.
Konfransda çıxış edən şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi İli”ndə qardaş Özbəkistan torpağında bu tədbirin keçirilməsindən məmnunluğunu bildirib. O qeyd edib ki, Daşkənddə keçirilən bu konfrans Azərbaycanın və Özbəkistanın İslam həmrəyliyi ideyalarına, o cümlədən mədəniyyətlərarası dialoq ənənələrinə sadiq olduğunu sübut edir. Özbəkistan İslam dünyasının bir hissəsi kimi İslam sivilizasiyasının inkişafına öz töhfəsini verib. Allahşükür Paşazadə “İslam Həmrəyliyi İli” çərçivəsində Azərbaycanda və digər ölkələrdə keçirilən tədbirlər barədə də məlumat verib.
Şeyxülislam deyib ki, Daşkənddə, Səmərqənddə, Buxarada müxtəlif millətlərin nümayəndələri bir ailə kimi yaşayırlar. “Bir çox din xadimləri kimi mənim taleyim də Özbəkistan, onun xalqı, bu müqəddəs torpağın gözəl ənənələri ilə sıx bağlıdır. Bunun üçün biz özbək xalqına minnətdarıq”, - deyə o bildirib.
Allahşükür Paşazadə vurğulayıb ki, müstəqil Azərbaycan və Özbəkistan arasında münasibətlərin təməlini ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov qoyublar. Bu gün bu münasibətləri prezidentlər İlham Əliyev və Şavkat Mirziyayev uğurla davam etdirirlər. Azərbaycan və Özbəkistan inamla irəliyə doğru addımlayır. Bu yolda əsas məqsəd xalqın rifahı və xoşbəxtliyi, dünya birliyində layiqli yer tutmaqdır.
Sonra Mübariz Qurbanlı Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Müraciətdə deyilir ki, Özbəkistanda - müxtəlif mədəniyyətlərin sülh şəraitində mövcud olduğu, qarşılıqlı anlaşma və tolerantlıq mühitinin hökm sürdüyü bir ölkədə nüfuzlu dövlət, elm və din xadimlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri bu tədbirin keçirilməsi qanunauyğun bir haldır. Ölkələrimiz İslam mədəniyyətinin və dünya mədəni-tarixi irsinin mərkəzi sayılır. Müsəlman intibahında mühüm rol oynayan Azərbaycan və Özbəkistan Şərqlə Qərb arasında birləşdirici körpü olaraq müxtəlif mədəniyyətlərin, dinlərin və konfessiyaların inkişafına əvəzsiz töhfə verib. Bu günlərə qədər qorunub saxlanılan tolerantlıq və mədəni-etnik rəngarənglik mühiti xalqlarımızın mənəvi zənginliyini göstərən tarixi nailiyyətdir.
Müraciətdə qeyd olunur ki, bu gün tolerantlıq və multikulturalizm kimi tarixi ənənələrə sadiq qalan dövlətlərimiz öz xarici siyasətlərində İslam dünyası ilə və başqa dövlətlərlə münasibətlərin möhkəmlənməsinə eyni səviyyədə mühüm əhəmiyyət verir.
Qeyd edilir ki, bu gün dünyada insan sivilizasiyası üçün real təhlükə sayılan ziddiyyətli proseslər və hadisələr baş verir. Müxtəlif regionlarda etnik və dini zəmində münaqişələr yaranır, terrorizm, separatizm, ksenofobiya, islamofobiya meyilləri güclənir, dindən siyasi məqsədlər üçün istifadə etməyə cəhd göstərilir. Bəşəriyyət yalnız birgə səylərlə bu təhlükələrə qarşı dura bilər. Bizi sevindirir ki, Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilən ildə xalqlarımız arasında olan dostluq münasibətləri dövlətlərimizin İslam həmrəyliyi və dinlərarası dialoqun tərəfdarı olduğuna bir daha sübutdur.
Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov konfransda çıxış edərək diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan edib. Xalqımızın tarixi keçmişindən qalan tolerantlıq və multikulturalizm prinsipləri ölkəmizin qanunvericiliyində də öz əksini tapıb. Belə ki, parlament “Dini etiqad azadlığı haqqında”, “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunlar qəbul edib.
“Azərbaycan-Özbəkistan əlaqələri fonunda İslam həmrəyliyinə qiymət verərkən demək olar ki, bu münasibətlərin təməlində əsrlərin dərinliklərindən gələn mədəniyyət, dil və adət-ənənələrin yaxınlığı, tarixboyu formalaşan mənəvi və ümumbəşəri dəyərlər dayanır”, - deyə Siyavuş Novruzov qeyd edib.
Parlamentin komitə sədri vurğulayıb ki, xalqlarımızın İslam sivilizasiyasına verdiyi töhfəni dahi Azərbaycan şairi Nizami Gəncəvinin, Azərbaycan alimi Nəsirəddin Tusinin, dahi özbək şairi Əlişir Nəvainin, məşhur alim və dövlət xadimi Mirzə Uluqbəyin yaradıcılığında görmək olar. Bu yaxınlığın nəticəsidir ki, Bakıda Əlişir Nəvainin, Daşkəndə Nizami Gəncəvinin abidələri qoyulub.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov deyib ki, müasir dünyada baş verən siyasi proseslər, müsəlman ölkələrindəki müharibə və münaqişələr, bəzi ölkələrdə islamofobiyanın yayılması İslam dünyasında həmrəyliyin zəruriliyini bir daha əyani sürətdə göstərir. Belə şəraitdə Azərbaycan bütün dünyada İslam həmrəyliyinin təmin edilməsinin tərəfdarı kimi çıxış edir.
2015-ci ildə Azərbaycanda ilk Avropa Oyunlarının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ölkəmizin sivilizasiyalar və dinlər arasında dialoq məkanı, iqtisadi və mədəni körpü olduğunu göstərir. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi isə İslamı təhlükəli sayan, xalqları dini mənsubiyyətlərinə görə ayıran, müsəlman qaçqınlara hörmətsizlik edən və “STOP İslam” kampaniyası aparanlara bir mesajdir. Azərbaycan müsəlman dünyası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın çərçivələrini müəyyən edib. Bu kontekstdə dost və qardaş Özbəkistanla əlaqələr böyük əhəmiyyət daşıyır.
Mübariz Qurbanlı çıxışında bildirib ki, İslam həmrəyliyi bu gün İslam dünyası qarşısında duran mühüm vəzifədir. İslam həmrəyliyi ancaq müsəlman ölkələrində deyil, bütün dünyada harmoniyanın və dinc yanaşı yaşamağın mühüm şərtlərindəndir. Müsəlman dünyasını ümumi məqsəd əsasında birləşdirmək və vahid mövqedən çıxış etmək Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin bu ili ölkəmizdə “İslam Həmrəyliyi İli” elan etməsi bizi fərəhləndirməklə yanaşı, dövlətimizin başçısının İslam birliyinə həssas münasibətini də göstərir. İslam həmrəyliyinin əhəmiyyətindən danışan Azərbaycan Prezidenti deyib ki, bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsi bizim siyasətimizi və məqsədimizi əks etdirir. Biz müsəlman ölkələri öz aramızdakı problemləri sülh yolu ilə həll etməli və həmrəyliyi gücləndirməliyik.
Çıxış edən akademik Akif Əlizadə qeyd edib ki, ölkəmizdə ayrı-ayrı dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar. Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi uğurla fəaliyyət göstərir. Bir neçə il bundan əvvəl Bakı İslam mədəniyyətinin paytaxtı elan edilib. Azərbaycanda milli mənəvi dəyərlərə hörmət edilir. Gələcək nəsillər dini fanatizmin qurbanına çevrilməməlidir. Bu məsələdə, ilk növbədə, biz alimlər və ilahiyyatçılar məsuliyyət daşıyırıq. Təkcə İslam alimləri deyil, həm də tarixçilər, şərqşünaslar, hətta dəqiq fundamental elmlərin nümayəndələri bu işdə fəal olmalıdırlar.
Fasilədən sonra konfrans işini panel iclasla davam etdirib. İclasa Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev və Özbəkistan nümayəndəsi Axmadcon Xasanov moderatorluq ediblər.
Salman Musayev “Din və sosial əməkdaşlıq”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov “Azərbaycanda dövlət-din münasibətləri”, Bakı və Azərbaycan yeparxiyasının başçısı arxiyepiskop Aleksandr “Müasir dünyagörüşdə tolerantlıq problemləri: keçmiş və müasirlik”, Azərbaycan Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev “Tolerantlığın formalaşmasında dinin rolu”, Avropa Türk-Müsəlman İttifaqının prezidenti Musa Sərdar Çələbi “Müasir İslam dünyagörüşündə tolerantlıq problemləri” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransa yekun vuran Allahşükür Paşazadə deyib: “Bugünkü konfrans bir daha göstərdi ki, Özbəkistan və Azərbaycan islam həmrəyliyi ideyalarına və mədəniyyətlərarası dialoq ənənələrinə sadiqdir. Konfransda dünyanın müxtəlif ölkələrindən nümayəndələr iştirak etdilər. Dəvətimizi qəbul edib konfransda iştirak etdikləri üçün onlara təşəkkürümüzü bildiririk”.
Şeyxülislam Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyevə və Şavkat Mirziyayevə belə bir mühüm tədbirin keçirilməsinə verdikləri dəstəyə və konfransa göndərdikləri müraciətlərə görə minnətdarlıq edib.
Konfransın yekununda kommunike qəbul edilib.
Bununla da Daşkənddə “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans başa çatıb.