Özbəkistanın Milli İnformasiya Agentliyinin saytında 31 Mart soyqırımı ilə bağlı məqalə yerləşdirilib

Özbəkistanin Milli İnformasiya Agentliyinin (UZA) saytında Şarofiddin Tolaqanovun “31 mart - qardaş Azərbaycanda soyqırımı qurbanları yad edilir” sərlövhəli geniş məqalə yerləşdirilib.

Məqalədə 1998-ci il martın 26-da Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalaması ilə bu qətliama siyasi-hüquqi qiymət verildiyi, 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün təsis edildiyi vurğulanıb.

Yazıda bildirilib ki, 2007-ci ildə Qubada ermənilərin 1918-ci ildə qətlə yetirdikləri azərbaycanlılara aid kütləvi məzarlıq aşkar olunub. Azərbaycan Prezidenti İlham Əliyev ermənilərin cinayətkar əməllərinin dünyaya çatdırılması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə həmin məzarlığın olduğu ərazidə Soyqırımı Memorial Kompleksinin yaradılması ilə bağlı Fərman imzalayıb.

Məqalədə vurğulanıb ki, XIX əsrin əvvəllərində ermənilər Bakıda, Zəngəzurda, Şuşada, İrəvanda, Naxçıvanda, Gəncədə və Cəbrayılda dinc türk-müsəlman əhalisinə qarşı qanlı qırğınlar törədiblər. 1918-ci ildə Bakı, Şamaxı, Quba, Lənkəran və Muğanda 50 mindən çox azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib, on minlərlə insan doğma yerlərindən qovulub. Şamaxıda 75, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, İrəvanda 211 kənd dağıdılıb, Zəngəzurda 115 kəndin əhalisinə divan tutulub, Cənubi Azərbaycanda 150 mindən artıq soydaşımız amansızlıqla qətlə yetirilib.

Qeyd edək ki, Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən aparılan təbliğat işləri nəticəsində bu ölkə mətbuatında Azərbaycan həqiqətlərinə dair çoxlu sayda məqalələr dərc olunur. Hər ilin sonunda Mədəniyyət Mərkəzində “Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi” müsabiqəsinə yekun vurulur və qaliblər mükafatlandırılır.

 

https://azertag.az/xeber/Ozbekistanin_Milli_Informasiya_Agentliyinin_saytinda_31_Mart_soyqirimi_ile_bagli_meqale_yerlesdirilib-1148820 

http://uza.uz/oz/world/31-mart-kuni-ardosh-ozarbayzhonda-ato-on-urbonlari-yed-etila-31-03-2018 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti