Azərbaycan Respublikası ərazisində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları və vəzifələri Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi ilə müəyyən olunur. Miqrasiya Məcəlləsinin 76.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərinə riayət etməlidirlər.
Nəzərə çatdırırıq ki, viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin gəlişinin bəyan edilmiş məqsədi onlara verilən giriş vizalarının növlərinə uyğun olmalıdır. Ölkəmizə gələn əcnəbilərə rəsmi, işgüzar, elm, təhsil, əmək, turizm, mədəniyyət, idman, humanitar, müalicə və şəxsi səfər məqsədləri ilə giriş vizaları aşağıdakı hallarda verilir:
Rəsmi səfər vizası - xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarına, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərə və onların ailə üzvlərinə, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
İşgüzar səfər vizası - Azərbaycan Respublikasında işgüzar əlaqələr və ya əməkdaşlıq qurmaq üçün Azərbaycan Respublikasının dövlət orqanlarının, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslərin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, habelə xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin vəsatəti əsasında və ya Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmanı təsdiq edən sənədlə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
Elm və ya təhsil vizası - bu sahədə Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət orqanlarının, elmi-tədqiqat institutlarının, dövlət qeydiyyatından keçmiş təhsil müəssisələrinin vəsatəti əsasında elmi fəaliyyətlə məşğul olmağa, müvafiq konfrans, seminar və digər elmi tədbirlərdə iştirak etməyə, təhsil müəssisələrinə qəbul olunaraq təhsil almağa və ya ixtisas artırmağa gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
Əmək vizası - Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan və bunun üçün Azərbaycan Respublikasının dövlət orqanlarının, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslərin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, habelə xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin işəgötürən tərəf qismində vəsatəti əsasında gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
Müalicə vizası - Azərbaycan Respublikasındakı tibb müəssisələrinin qəbul edən tərəf qismində vəsatəti əsasında Azərbaycan Respublikasında müayinə və müalicə olunmağa gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
Şəxsi səfər vizası - Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi olan əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin (yalnız həmin əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ailə üzvləri üçün) müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəsmiləşdirilmiş dəvətnaməsi əsasında gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
Humanitar səfər vizası - Azərbaycan Respublikasında humanitar niyyətli fəaliyyət ilə məşğul olmaq, humanitar tədbirlər keçirmək və ya belə tədbirlərdə iştirak etmək üçün Azərbaycan Respublikasının dövlət orqanlarının, bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin qəbul edən tərəf qismində vəsatəti əsasında gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
Mədəniyyət və idman vizası - Azərbaycan Respublikasında keçirilən mədəniyyət və idman tədbirlərində iştirak etmək üçün Azərbaycan Respublikasının dövlət orqanlarının, bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin qəbul edən tərəf qismində vəsatəti əsasında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
Turizm vizası - Azərbaycan Respublikasına turist kimi gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
Lakin, bəzi hallarda əcnəbilər tərəfindən bu tələblər pozulur. Belə hallarda, həmin şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti olduğu, müvəqqəti və ya daimi yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olmasına görə - Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
Xatırladırıq ki, qanunvericiliyin tələbləri pozulduğu hallarda (yəni aldıqları giriş vizalarının növləri onların Azərbaycan Respublikası ərazisindəki fəaliyyətinə uyğun olmadıqda) Miqrasiya Məcəlləsinin 16.1.6-cı maddəsinə əsasən əcnəbilərin Azərbaycan Respublikasına gəlmələri qadağan olunur.
Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə almaq istəyən əcnəbilərə Dövlət Miqrasiya Xidmətinə müraciət edərkən, bu qaydalara əməl etmələri tövsiyə edilir.
2021 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Tokyo 2020 Olimpic Games