2019-04-15
Daşkənddə Azərbaycanın və Özbəkistanın Xarici İşlər nazirlikləri arasında birinci konsulluq məsləhətləşmələri keçirilib

Aprelin 12-də Daşkənd şəhərində Azərbaycanın və Özbəkistanın Xarici İşlər nazirlikləri arasında birinci konsulluq məsləhətləşmələri keçirilib.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi, səfir Faiq Bağırov, Özbəkistan nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Konsulluq-Hüquq İdarəsinin rəisi vəzifəsini icra edən Rustam Kurqanbayev rəhbərlik edib.

Görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin əməkdaşları, eləcə də Azərbaycan Ədliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Baş Prokurorluğunun, Dövlət Miqrasiya Xidmətinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

Məsləhətləşmələr zamanı Azərbaycan üçün mühüm dost və tərəfdaş ölkə olan Özbəkistan ilə konsulluq sahəsində əməkdaşlığın indiki vəziyyəti və inkişaf perspektivləri, o cümlədən yeni sazişlərin imzalanması imkanları nəzərdən keçirilib.

Konsulluq sahəsini tənzimləyən milli qanunvericilikdə həyata keçirilən son dəyişikliklər barədə məlumat mübadiləsi aparan tərəflər Azərbaycanda və Özbəkistanda yaşayan hər iki ölkə vətəndaşlarının hüquqi vəziyyəti, onların qarşılaşdıqları çətinliklərin həlli yolları, o cümlədən vətəndaşlıq, ailə, mülki və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər, miqrasiya problemləri və readmissiya kimi vacib məsələləri müzakirə ediblər.

Görüş zamanı tərəflər iki ölkənin turizm sahəsindəki böyük potensialını nəzərə alaraq Azərbaycanla Özbəkistan arasında turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Azərbaycan tərəfi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verib, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunması barədə məlumatı qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycan nümayəndə heyəti Özbəkistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan haqlı mövqeyinə dəstəyə görə qarşı tərəfə öz təşəkkürünü bildirib.

Məsləhətləşmələrin sonunda tərəflər arasında müzakirə olunan məsələlərə dair protokol imzalanıb.

Azərbaycan nümayəndə heyəti Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olub, dövlətimizin memarı və qurucusu Heydər Əliyevin bu binanın qarşısındakı abidəsinə əklil qoyublar. Sonra qonaqlar mərkəzdəki Heydər Əliyev Muzeyindəki eksponatlara baxıblar, Azərbaycanın Dövlətçilik Tarixi Muzeyində ölkəmizin tarixi və mədəni irsi ilə tanış olublar.

növbəti xəbər əvvəlki xəbər