2018-12-06
Azərbaycan ilə Özbəkistan regionları arasında əməkdaşlıq əlaqələri genişlənir

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda səfərdədir.

Daşkənddən Fərqanə vilayətinin Rişton şəhərinə gedən Azərbaycan nümayəndə heyətinə isə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev rəhbərlik edib.

Nümayəndə heyətinə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, İsmayıllı Rayon Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Dağlaroğlu və iş adamı Azad Əliyev daxildi.

Nümayəndə heyətini əvvəlcə Fərqanə vilayətinin hakimi Şuxrat Qaniev qəbul edib.

Hakim qonaqları salamlayaraq ölkələrimiz arasında əməkdaşlığın inkişafından danışıb. Bildirib ki, səfər zamanı İsmayıllı rayonu ilə Rişton şəhəri arasında “Qardaşlaşmış şəhərlər” haqqında müqavilə imzalanacaq ki, bu da regionlarımız arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə zəmin yaradacaq.

Hüseyn Quliyev Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək deyib: “Ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsində regionlararası əlaqələrin inkişaf etdirilməsi mühüm rol oynayır. Ona görə də biz bu gün Fərqanə vilayətindəyik. Əminəm ki, ölkələrimizin regionları arasında əməkdaşlıq inkişafımıza öz töhfəsini verəcək”.

əvvəlki xəbər