2018-03-31
Özbəkistan portalı azərbaycanlıların soyqırımı ilə bağlı məqalə dərc edib

Özbəkistanın http://nargis.uz/?p=1047 portalında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı “1918-ci il martın 31-də Azərbaycanda nə baş verib” sərlövhəli məqalə dərc edilib.

Rus dilində dərc olunan məqalənin əvvəlində bildirilir ki, Milli Məclis bu il martın 30-da azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı bəyanat qəbul edib. Sənəddə həmin dövrdə azərbaycanlıların respublikanın müxtəlif rayonlarında soyqırımına məruz qaldıqları vurğulanır.

Yazıda qeyd olunur ki, 1918-ci ilin martında Bakı Xalq Komissarları Sovetinin rəhbəri, hakimiyyəti əlində saxlayan mənfur Şaumyanın başçılığı ilə əsasən ermənilərdən ibarət quldur dəstələri “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün fəaliyyətə başlayıb və dinc əhalini qırıblar. Martın 31-dən başlayan və dörd gün davam edən qanlı döyüşlərdə 20 min azərbaycanlı, o cümlədən qadınlar, qocalar, uşaqlar həyatını itirib.

Azərbaycanlılar işgəncələrlə öldürülüb, diri-diri torpağa basdırılıb, içərisində insanların olduğu məscidlərə od vurulub.

Qeyd edilir ki, bu plan kütləvi şəkildə həyata keçirilib. O günlərdə təkcə Bakıda deyil, Qarabağda, Şamaxıda, Qubada, Lənkəranda və digər rayonlarda minlərlə azərbaycanlı qətlə yetirilib.

Məqalədə Qubada kütləvi məzarlığın aşkar olunması və həmin yerdə Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında da söhbət açılır, Ermənistandan azərbaycanlıların zaman-zaman qovulmasından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Sumqayıt hadisələrindən danışılır.

 

növbəti xəbər əvvəlki xəbər