2017-12-09
Əlyazmalar İnstitutu Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə əlaqələri genişləndirir

Dekabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda bu elm müəssisəsi ilə Özbəkistan Respublikasının Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Sənəddə humanitar sahədə elmi layihələrə dəstək, birgə konfrans, seminar və simpoziumların təşkili, həmçinin əlyazma sənədlərin mübadiləsi nəzərdə tutulur.

Tədbirdə bu elm müəssisəsi direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli imzalanacaq sənədin hər iki elm ocağında elm və təhsilin inteqrasiyasına təkan verəcəyini diqqətə çatdırıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki müəssisə arasında əməkdaşlığın əhəmiyyətli olacağına əminliyini bildirib.

Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov iki qurum arasında əməkdaşlığın akademik fəaliyyət, təhsil və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsi baxımından önəmli olduğunu bildirib.

Sonra əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi A.Əliyeva-Kəngərli və S.Abbasov imzalayıblar.

növbəti xəbər əvvəlki xəbər