2017-12-25
Özbəkistan mətbuatında qədim Gəncə haqqında “Xəzinələr şəhəri” adlı məqalə

Daşkənddə rus dilində çap edilən “Taşkentskaya pravda” qəzeti Sergey Mixaylovun qədim Gəncə şəhəri haqqında “Xəzinələr şəhəri” adlı məqaləsini dərc edib.

Materialda Böyük İpək Yolu üzərində yerləşən, dahi Nizami Gəncəvinin doğulduğu bu şəhərin əsrlər boyu Azərbaycanın tarixində mühüm rol oynadığı bildirilir. Yazıda Gəncənin tarixi haqqında da məlumat verilir.

Məqalədə Nizami Gəncəvinin əsərləri haqqında da danışılır, böyük şairin məqbərəsinin bu şəhərin yaxınlığında olduğu bildirilir. Qeyd olunur ki, tarix boyu Gəncə sənətkarlarının gildən hazırladıqları müxtəlif qablar, keramika məmulatları, həmçinin bu şəhərdə toxunan xalçalar, hazırlanan zərgərlik məhsulları bütün dünyada məşhur olub.

Məqalədə müasir Gəncə haqqında da söhbət açılır. Bildirilir ki, bu qədim şəhərdəki Xan bağı yalnız Azərbaycanın deyil, bütün Qafqazın ən böyük parklarından biridir. Şəhərdəki ulu öndər Heydər Əliyevin adını daşıyan park-kompleks isə böyüklüyünə görə dünyanın ən böyük beş parkı siyahısına daxildir.

 

növbəti xəbər əvvəlki xəbər