2017-12-29
Özbək mətbuatında Azərbaycan haqqında ən yaxşı məqalənin müəllifləri mükafatlandırıldı

Daşkənddə 2017-ci il özbək mətbuatında “Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi” müsabiqəsinin qalibləri, Azərbaycanı təbliğ edən fəallar mükafatlandırılıb.

Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan mərasim Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunub.

Tədbirdə səfirliyin, Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərliyi, elm, mədəniyyət, incəsənət xadimləri, yerli azərbaycanlılar, tələbələr, jurnalistlər iştirak ediblər.

Mədəniyyət Mərkəzinin foyesində “Azərbaycan Qafqazın mirvarisi” adlı fotosərgi təşkil olunub. Sərgidə Azərbaycanın tarixi abidələri, turizm imkanları, milli mədəni irsimizə dair fotoşəkillər nümayiş etdirilib.

Giriş sözü ilə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev iştirakçıları dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə təbrik edib. O, 2017-ci ilin Azərbaycan-Özbəkistan münasibətləri üçün uğurlu olduğunu, çoxsaylı yüksək səviyyəli qarşılıqlı səfərlərin reallaşdırıldığını, Daşkənddə hər iki tərəfin iştirakı ilə “İslam həmrəyliyi” mövzusunda beynəlxalq konfransın keçirildiyini, özbək jurnalistlər üçün Azərbaycana “Mediatur” təşkil edildiyini söylədi. Səfir ötən il Daşkənd və Səmərqənddə dəfələrlə “Azərbaycan mədəniyyəti həftəsi”nin keçirildiyini, Özbəkistanın aparıcı universitetlərində Azərbaycan ocaqlarının yaradıldığını, iki xalq arasında dostluq münasibətləri, mədəni-ədəbi əlaqələrə dair çoxsaylı nəşrlərin, habelə sənədli filmin hazırlandığını qeyd edib. O, ölkə başçıları arasında yüksək səviyyədə olan dostluq əlaqələrinin bu münasibətlərin göstəricisi olduğunu vurğulayıb.

Daha sonra 2017-ci ilin yekunlarına dair ilin fəal jurnalistlər, dosluq münasibətlərinin təbliğatçıları, Azərbaycan ədəbiyyatına dair çoxsaylı tərcümələrin müəllifləri səfirlik Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin fəxri fərmanları, Mədəniyyət Mərkəzinin pul mükafatına layiq görülüblər.

Ölkəmizin tarixini, iqtisadiyyatını, mədəniyyətini, turizmini, ədəbiyyatını, habelə Azərbaycan-Özbəkistan dostluğunu 2017-ci ildə Özbəkistanda ən fəal təbliğ edən, Özbəkistanın xəbər saytlarının jurnalistlərinə fəxri mükafatlar təqdim edilib.

Mərasimdə Özbəkistanın tanınmış jurnalistləri - Maqsad Caxangirov, Lola Raxmanboeva, Obidcon Şofiyev, Rimma Sabircanova, Qamaraddin Şayxov, Yuriy Kortsunsov, Tulkin Eşbekov, Boris Babayev, Sobircan Yoqubov, Mixail Dovlatov və başqaları xüsusi mükafata layiq görüldülər.

 

Azərbaycanın “Palitra” qəzeti iki ölkə arasında dostluq əlaqələrinin təbliği, Azərbaycan Mədəniyyət Mərkəzinin çoxsaylı layiohələrinin işıqlandırdığı üçün xüsusi mükafatla təltif edilib. Qəzetin jurnalisti Tural Tağıyev fəxri fərmana layiq görülüb.

Qeyd edək ki, 2017-ci ildə Özbəkistanda Azərbaycan haqqında “İlin ən yaxşı məqaləsi” müsabiqəsi elan olunmuş, müsabiqədə 3 nominasiya “Azərbaycan və Özbəkistan əməkdaşlığı: qədimlikdən-müasirliyə”, “Azərbaycan və İslam həmrəyliyi”, “Azərbaycanda ekoturizm və müalicəvi turizm” üzrə məqalələr qəbul edilib. Mədəniyyət Mərkəzində yaradılmış xüsusi Komissiya ilin ən yaxşılarını seçib.

“2017-ci ildə Azərbaycan-Özbək ədəbi əlaqələrini araşdıran və təbliğ edən ilin fəal azərbaycanlı və özbək alimləri” nominasiyası üzrə Fəxri Fərmanlar Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru, Almaz Ülvi Binnətovaya və Özbəkistan tərəfindən bu mükafat Əlişer Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurovaya təqdim olunub.

Azərbaycan ədəbiyyatından “İlin ən yaxşı tərcümə əsərləri” nominasiyasına görə tərcüməçi Rüstəm Cabbarovun Özbək dilinə çevirdiyi Azərbaycan yazıçısı Vaqif Sultanlının “Ölüm yuxusu” əsəri, digər mükafat isə tərcüməçi Muxammadəmin Toxliyevin Özbək dilinə tərcümə etdiyi azərbaycanlı professor Əli Həsənovun “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti: Xocalı soyqırımı” kitabı layiq görülüb.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə bir sıra ilin fəal azərbaycanlıları da mükafatlandırılıblar. Mükafata Səmərqənd Vilayəti Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin rəhbəri Adilağa Mirzəyev, Özbəkistanda azərbaycanlı tərcüməçi, fəxri müəllim Şərqiyyə Şıxəliyevaya mükafatlar təqdim edilib.

Daha sonra Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkil etdiyi bədii proqrama start verilib. Özbəkistanın məşhur “Asl” musiqi qrupu, tanınmış müğənni Madina Mumtaz Azərbaycan və Özbək musiqilərini ifa ediblər. Mədəniyyət Mərkəzinin nəzdindəki “Qafqaz qartalları” rəqs ansamblı maraqlı Azərbaycan milli rəqslərini ifa ediblər.

Tədbir Mədəniyyət Mərkəzinin “Odlar yurdunun naxışları” Azərbaycan xalçaıarı zalında rəsmi ziyafətlə başa çatıb. İştirakçılar milli şirniyyatlar, yeməklərə qonaq ediliblər.

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər