2016-05-10
Özbəkistanda ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilmişdir.

Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilmişdir. 
Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə diplomatlar, Azərbaycan diasporasının fəalları, fəxri qonaqlar iştirak etmişlər. 
Əvvəlcə ulu öndər Heydər Əliyevin Mədəniyyət Mərkəzinin həyətindəki büstünün qarşısına əklil və gül dəstələri qoyulmuş, xatirəsi hörmətlə anılmışdır. 
Ulu öndərin adını daşıyan muzeydə keçirilən tədbirdə çıxış edən Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, onun memarı olduğu müstəqil Azərbaycanın qazandığı uğurları vurğulayaraq, məhz Heydər Əliyevin uzaqgörən siyasi fəaliyyətinin nəticəsində Azərbaycanın beynəlxalq aləmdə layiqli mövqe tutduğunu qeyd edib. O, Azərbaycan - Özbəkistan əlaqələrinin, dostluğunun möhkəmlənməsində Ulu Öndərin tarixi xidmətlərindən söz açıb. 
Daha sonra Azərbaycanın yaxın dostu, özbək iş adamı Haydbəy Djapaqov 
Heydər Əliyevi şəxsən tanıdığını, onun şəxsiyyətinə qibtə etdiyini qeyd etdi, ulu öndərin hakimiyyəti dövrünə nəzər salaraq, onun fəaliyyətinin yalnız inkişaf və rifaha yol açdığını söylədi. O, bugün Azərbaycana fəxrlə baxdığını, ölkəmizin uğurlarını yüksək qiymətləndirdiyini söylədi. 
Çıxış edən digər natiqlər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi,  dövlətin inkişafı üçün Heydər Əliyevin müstəsna xidmətlərindən danışaraq, ulu öndərin qurucusu olduğu müasir müstəqil Azərbaycanın, bütövlükdə Heydər Əliyev ideyalarının bugün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən fəxr hissi ilə qeyd etdilər. 
Daha sonra ulu öndər Heydər Əliyevin həyat yolu, siyasi fəaliyyəti, dövlətçiliyin möhkəmlənməsində, ordu quruculuğunda xidmətləri barədə sənədli film nümayiş etdirilmişdir.

növbəti xəbər əvvəlki xəbər