Vətəndaşlıq məsələləri

1.  Azərbaycan Respublikasının vətəndaşlığının tanınması əsasları

Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında Qanuna uyğun olaraq, həmin Qanun qüvvəyə mindiyi  günədək  Azərbaycan  Respublikasının  vətəndaşlığında  olmuş  şəxslər  (əsas:  şəxsin,  qanun qüvvəyə minənə qədər Azərbaycan Respublikasında yaşayış üzrə qeydiyyatda olması), 1992-ci il yanvar ayının 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər, 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar və həmin qanuna əsasən vətəndaşlığı qəbul etmiş şəxslər Azərbaycan Respublikasının vətəndaşları hesab edilirlər.

Doğum haqqında şəhadətnamə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və Azərbaycan Respublikası vətəndaşının pasportu (ümumi, xidməti və diplomatik) Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərdir.

2.  Azərbaycan Respublikasının vətəndaşlığına qəbul

Azərbaycan Respublikasının ərazisində son beş il ərzində yaşayan və Azərbaycanın dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs vəsatətlə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş ərizə-anketlə Azərbaycan  Respublikası Daxili  İşlər  Nazirliyinə müraciət edir.

Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir:

•  4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

•  yaşayış yerindən ailə tərkibi haqqında arayış;

•  dövlət rüsumunun ödənilməsi haqqında sənəd;

•  Azərbaycan Respublikasında son beş il ərzində yaşaması barədə yaşayış yerindən arayış;

•  Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış.

Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmək istəyən şəxs Azərbaycan Respublikası ilə ikili vətəndaşlığın qarşısının alınması haqqında beynəlxalq müqaviləsi olan dövlətin vətəndaşı olarsa, belə dövlətin səlahiyyətli orqanının onun Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək niyyətinə olan münasibətini təsdiq edən sənəd təqdim etməlidir. Əgər belə sənədin təqdim edilməsi müraciət edən şəxsdən asılı olmayan səbəblər üzündən mümkün deyilsə, şəxs ərizə-anketdə bunu mütləq göstərməlidir.

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi, bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə və Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, həmin şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsinə dair vəsatəti rədd edilir.

Vətəndaşlıq  məsələləri  ilə  əlaqədar  vəsatətlərə  Azərbaycan  Respublikasının  Prezidenti  yanında

Vətəndaşlıq Məsələləri Komissiyasında baxılır.

 

3.  Azərbaycan Respublikasının vətəndaşlığından çıxma

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş ərizə-anketlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edir. Xaricdə yaşayan vətəndaşların ərizə-anketləri Azərbaycan Respublikasının xarici ölkədə akkreditə edilmiş diplomatik nümayəndəlikləri və konsulluq idarələri qəbul edir.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra  edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında  hüquqi və fiziki  şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, onun vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti toplanmış sənədlər əsasında rədd edilə bilər.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs müttəhim kimi cinayət məsuliyyətinə cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan   məhkəmə  hökmü  varsa   və  ya   şəxsin  Azərbaycan  Respublikası   vətəndaşlığından  çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər onun vətəndaşlıqdan çıxmasına yol verilmir.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq istəyən şəxs ərizə-anketə aşağıdakı sənədləri əlavə edir:

•  4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

•  yaşayış yerindən ailə tərkibi haqqında arayış;

•  dövlət rüsumunun ödənilməsi haqqında sənəd;

•  18 yaşınadək uşaqları olduqda, onlar Ərizə-anketin 14-cü bəndində qeyd edilməklə yanaşı, 14-

18 yaşınadək olan uşaqlarının (notariusda və ya konsulluqda təsdiq edilmiş) yazılı razılığı;

•  Digər valideynin razılığı;

•  18 yaşınadək uşaqları olduqda, onların 4 ədəd fotoşəkili (3x4 sm ölçüdə);

•  şəxsin  vətəndaşsızlığını  təsdiq  edən  və  digər  dövlətin  vətəndaşlığının  alınması  təminatı haqqında sənəd.

 

Vətəndaşlıq məsələləri ilə əlaqədar vəsatətlərə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılır. Vətəndaşlıq məsələləri ilə əlaqədar vəsatəti rədd edilmiş şəxs vəsatətin rədd edilməsinə səbəb olan halları aradan qaldırdıqdan sonra təkrar müraciət edə bilər.

 

4.  Azərbaycan Respublikasının vətəndaşlığına bərpa

Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin öz vəsatəti əsasında, onun Azərbaycan Respublikası vətəndaşlığı bərpa edilə bilər. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin adına ərizə-anketlə müraciət edilir.

Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir:

•  4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

•  Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi barədə sənəd;

•  yaşayış yerindən ailə tərkibi haqqında arayış;

• QİÇS müayinəsindən keçməsi və sağlamlıq haqqında arayış (vətəndaşlığa bərpa olunmaq üçün müraciət edən şəxs Azərbaycan Respublikasını tərk etməyibsə bu sənəd tələb olunmur)

Azərbaycan Respublikası vətəndaşlığına bərpa barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış vəsatətləri Azərbaycan Respublikasının ərazisində yaşayan şəxslər DİN-ə, xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluq idarələrinə təqdim edirlər.

Azərbaycan Respublikasında yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə əcnəbidirsə və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan uşağın valideynlərindən biri  Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş valideynin vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.

Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi, bərpası və ya vətəndaşlığa xitam verilməsi barədə qərarı Azərbaycan Respublikasının Prezidenti qəbul edir. Qəbul edilmiş qərar barədə vəsatət qaldıran şəxsə yazılı məlumat verilir.

QEYD: Diqqətinizə çatdırırıq ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda edilən dəyişikliklərə əsasən Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və yaxud Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (birbaşa və ya Səfirlik vasitəsilə) yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.